"Bu hərəkətlər atəşkəs razılaşmasına ziddir. İsrail tərəfi "Hizbullah"ın istənilən dirçəlmə cəhdlərinə baxmayaraq, Livanla atəşkəs sazişinin şərtlərinə uyğun fəaliyyət göstərməyə sadiqdir. Eyni zamanda, dövləti və vətəndaşları bu, ya digər təhlükədən qorumaq hüququnu özündə saxlayır", - məlumatda vurğulanır.
"Hizbullah" raket bazasını Livana təhvil verib - VİDEO |
Xatırladaq ki, dünən "Hizbullah" Livanın cənubunda yerləşən "Imad 4" adlı nəhəng yeraltı raket bazasını Livan Silahlı Qüvvələrinə təhvil verib. Səudiyyə Ərəbistanının "Al-Arabiya" dövlət xəbər telekanalının məlumatına görə, baza Livan Ordusunun nəzarətinə buraxılmazdan qabaq tamamilə boşaldılıb, bütün ağır texnika götürülüb. Terrorçular ötən ilin avqustunda sözügedən bazada təbliğat videosu çəkib paylaşaraq "öz gücünü göstərməyə" çalışmışdı. Sentyabrın 27-də isə İsrail Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat başlatmış, İranın dəstəklədiyi terror təşkilatının ali rəhbərlərini, o cümlədən Baş katib Həsən Nəsrullahı zərərsizləşdirmişdi.
Digər tərəfdən, noyabrda İsrail və "Hizbullah" arasında imzalanan atəşkəs sazişinə əsasən, İsrail Silahlı Qüvvələrinin Livandan çıxması üçün 60 günlük möhlət başa çatıb. Münaqişənin həlli üzrə vasitəçilər: ABŞ və Fransa ilə aparılan danışıqlar nəticəsində İsrail Ordusuna fevralın 18-dək möhlət verilib.
Firudin Həmidli
AzVision.az