Rusiyalılar kütləvi şəkildə Çinə köçürlər

Rusiyalılar kütləvi şəkildə Çinə köçürlər
  31 Yanvar 2025    Oxunub:277
Rusiyalı sahibkarlar, peşəkar mütəxəssislər, mühəndislər, həkimlər və müəllimlər son illərdə getdikcə daimi yaşamaq üçün Çini seçirlər. Miqrasiya yüksək əmək haqqı və daha yaxşı iqtisadi perspektivlərlə əlaqələndirilir.
AzVision.az Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Sosioloji Mərkəzinin (FTSM) ekspertləri bu qənaətə gəliblər.

Sosioloqların məlumatına görə, Çinə əsasən paytaxt regionlarının - Moskva və Sankt-Peterburqun sakinləri gedirlər. Bununla belə, rusların əhəmiyyətli bir hissəsi Sibir və Uzaq Şərqdən, xüsusən də Trans-Baykal diyarından, Buryatiyadan, İrkutsk vilayətindən, Krasnoyarskdan, Xabarovskdan və Primorsk ərazilərindən miqrasiya edirlər.

“Hər il təxminən 11 min rusiyalı Çinə köçür. Ölkədə aparılan siyahıyaalmaya görə, 2020-ci ildə Çində 16 mindən çox rus daimi olaraq yaşayırdı. Lakin bu gün Çində rusların real sayı 40 mindən 50 min nəfərə qədər ola bilər. Çində daimi yaşayan ruslar geniş əmək bazarları olan böyük şəhərlərə meyl edirlər. Belə ki, Pekində təxminən 10 min, Şanxayda 5-6 min, Harbin, Quançjou, Urumçi, Honq Konq və Makaonun hər birində 2-3 min nəfər rusiyalı yaşayır”, - mərkəzin ekspertləri bildirirlər.

Sahibkarlar və yüksək dərəcəli mütəxəssislərlə yanaşı, tələbələr və təqaüdçülər də təhsil almaq üçün Çinə gedirlər. Sonuncular tez-tez müxtəlif müddətli mövsümi yaşayış üçün Çinə “qışı keçirməyə” gedirlər. Lakin belə səfər bəzən miqrasiyanın daimi formalarına çevrilir. FTSM-in məlumatında pensiyaçıların Çinə əsasən Sibir və Uzaq Şərq regionlarından üz tutduqlarını iddia vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ruslar   köç  





Xəbər lenti