Suriya Prezidenti Ərdoğanla görüşəcək

   Suriya Prezidenti Ərdoğanla görüşəcək
  04 Fevral 2025    Oxunub:251
Suriyanın yeni Prezidenti Əhməd Əş-Şərəənin bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşərək, ölkələr arasında birgə müdafiə paktı ilə əlaqədar danışıqlar aparması gözlənilir.
Bu barədə adları çəkilməyən dörd məlumatlı mənbə "Reuters" xəbər agentliyinə açıqlama verib. Onların sözlərinə görə, Suriyada Türkiyənin hərbi hava bazalarının yaradılması, Suriya Ordusuna təlimlər keçirilməsi də danışıqların gündəmindədir.

Xatırladaq ki, Türkiyə mətbuatı dünən Suriyanın yeni rəhbərliyinin ölkədə sərhəd təhlükəsizliyini nəzarətdə saxlamaq məqsədilə Türkiyəyə müraciət ünvanladığını bildirib. Məlumata görə, Türkiyə Suriyaya ilkin yardım çərçivəsində pilotsuz uçuş aparatları (PUA) və elektron döyüş sistemləri göndərəcək. Dəməşqin tələbi ilkin mərhələdə əsasən İsraillə sərhəddə təhlükəsizlik sisteminin və ümumilikdə ordunun yenidən qurulması ilə əlaqədardır. Tələbdə dolayı yolla vurğulanır ki, Suriya İsraillə sərhədinin nəzarətini Türkiyəyə vermək istəyir. Ölkələr arasında imzalanması gözlənən müştərək müdafiə sazişinə əsasən, eyni zamanda, Türkiyə Suriyada iki hərbi baza quraraq, istənilən təhlükə şəraitində öz yardımını göstərəcək.
Suriyanın sərhədlərini Türkiyə qoruyacaq

"Türkiyənin hava hücumundan müdafiə texnologiyası həm PKK təhlükəsinin aradan qaldırılması, həm də İsrailin mümkün işğalına qarşı müdafiə baxımından bizim üçün böyük əhəmiyyət daşıyır. Əsəd rejiminin gəlir mənbəyi kimi tanınan narkotik ticarətinin İordaniya ilə sərhəddə yaratdığı təhdidə, habelə Livan istiqamətindən gözlənilən mümkün "Hizbullah" hücumuna qarşı təhlükəsizliyimizi də dünyaca məşhur Türkiyə PUA-ları qoruyacaq. Rəsmi Ankara ilə inqilabın ilk günlərindən bəri qurduğumuz sıx əlaqələr qarşılıqlı səfərlər nəticəsində daha da genişləyib. Bu kontekstdə xüsusilə hərbi əməkdaşlıq sahəsində tezliklə praktiki mərhələyə keçəcək", - "Türkiyə" qəzeti Suriya Müdafiə Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   Türkiyə   müdafiə-paktı  





Xəbər lenti