Ər-Riyad qətiyyət nümayiş etdirir

   Ər-Riyad qətiyyət nümayiş etdirir
  05 Fevral 2025    Oxunub:294
Səudiyyə Ərəbistanı paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq qərarı həyata keçirilməyənə qədər İsraillə diplomatik əlaqələr qurmayacaq.
AzVision.azxəbər verir ki, Səudiyyə Krallığının Xarici İşlər nazirliyinin bəyanatında belə deyilir. Maraqlıdır ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Səudiyyə Ərəbistanının müstəqil Fələstin dövlətinin yaradılmasını tələb etmədiyini bildirmişdi.

Lakin Səudiyyə Ərəbistanının Xarici İşlər nazirliyi verdiyi açıqlamada qeyd edib, krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ər-Riyadın mövqeyini “heç bir şəraitdə heç bir şərhə icazə verməyən aydın və dəqiq şəkildə” təsdiqləyib.

“Krallıq bir daha təsdiqləyir ki, Fələstin xalqı beynəlxalq legitimlik qətnamələrinə uyğun şəkildə öz qanuni hüquqlarını almadan bu qəti mövqeni müzakirə etmək və davamlı və ədalətli sülhə nail olmaq mümkün deyil. Bu mövqe əvvəllər ABŞ-nin əvvəlki və indiki administrasiyasına çatdırılmışdı”, - bəyantada vurğulanır.

5 ərəb ölkəsi Trampın planının əleyhinədir
Səudiyyə Krallığının XİN-i həmçinin İsrailin məskunlaşma siyasəti, Fələstin ərazilərinin ilhaqı və fələstinlilərin məskunlaşdırılması cəhdləri də daxil olmaqla, fələstinlilərin hüquqlarını pozmağa yönəlmiş hərəkətləri rədd edib.

- Bu gün beynəlxalq ictimaiyyətin vəzifəsi Fələstin xalqının üzləşdiyi ağır əzabları yüngülləşdirmək üçün çalışmaqdır”, - məlumatda bildirilir.

Dünən isə, Səudiyyə Ərəbistanı da daxil olmaqla 5 ərəb ölkəsi ABŞ-nin Dövlət katibi Marko Rubioya göndərdikləri məktubda Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planlarına qarşı çıxdıqlarını vurğulayıblar.

Qeyd edək ki, ABŞ son bir neçə ildə iki Yaxın Şərq ölkəsi arasında diplomatik əlaqələr qurmaq üçün Səudiyyə Ərəbistanı və İsraillə danışıqlar aparır, lakin 2023-cü ilin oktyabrın 7-dən bəri baş verən hadisələr krallığı normallaşdırma müzakirələrini təxirə salmağa məcbur edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Səudiyyə   İsrail   münasibətlər  





Xəbər lenti