Azərbaycanda avtomobil istehsalı 34% artıb

   Azərbaycanda avtomobil istehsalı 34% artıb
  06 Fevral 2025    Oxunub:302
2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib. Onun sözlərinə görə, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib: "Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb".

O əlavə edib ki, Hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulması istiqamətində işlər davam etdirilir:

"Tikinti işləri sürətlə gedir, işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasını planaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyon manatdır. Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq".

AzVision.az


Teqlər: Avtomobil  





Xəbər lenti