İKTA: Operator və provayderlər yeni tələblər qoyulacaq

İKTA: Operator və provayderlər yeni tələblər qoyulacaq
  06 Fevral 2025    Oxunub:279
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin təmsilçiləri ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə İKTA İdarə heyətinin sədri Nail Mərdanov tənzimləyici qurumun “Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq etdiyini bildirib. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim olunur. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb.

Aparılan müşahidələrə əsasən, hazırda ölkəmizdə 36 operator və provayderdə “Ookla” şirkətinin “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərə görə onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasını şərtləndirir. Belə vəziyyət son nəticədə ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.
İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən “Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyac duyulduğuna diqqət çəkib.

Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas “Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.

Agentliyin İdarə heyətinin sədri bildirib ki, “Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun sayır.

“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici orqan tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək”, - Nail Mərdanov vurğulayıb.

Eyni zamanda, şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İKTA   tələblər  





Xəbər lenti