Ukraynaya növbəti humanitar yardım göndərilib

   Ukraynaya növbəti humanitar yardım göndərilib
  07 Fevral 2025    Oxunub:275
Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.
Elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkı ərazisindən yola salınıb. Məlum olduğu kimi, bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon dollarının manat ekvivalentində vəsait ayrılıb.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon dolları keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti