Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg

   Tramp Ukraynanı “təhvil” verir? -    Bloomberg
  13 Fevral 2025    Oxunub:555
ABŞ prezidenti Donald Tramp bir telefon zəngi ilə Ukraynadakı müharibə ilə bağlı Vaşinqtonun siyasətini “çevirdi”. Onun Rusiya lideri Vladimir Putinlə söhbəti Trampın Ukraynanı “təslim” etmək istədiyini göstərir.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliynin dərc etdiyi materialda Amerika prezidentinin Putinlə söhbətindən sonra “dərhal danışıqlara başlamaq” və bir-birinin ölkələrinə səfərlər etmək barədə razılığa gəldiklərinə diqqət çəkilir. Bu ritorika Co Bayden dövründə ABŞ-nin mövqeyindəki dramatik dəyişikliyi nümayiş etdirir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən bəri iki ölkə liderləri arasında birbaşa üz-üzə ünsiyyət olmayıb və Vaşinqton Ukraynanı dəstəkləməyə fokuslanıb.

“İndi bütün bunlar sürətlə dəyişir. Bayden dövründə ümumiyyətlə Vaşinqtonla eyni mövqedə olan Avropa liderləri bu çağırışdan məəttəl qalıblar, bəziləri bunun Trampın Ukraynanı təslim etməsinin siqnalı olduğunu bildirirlər. Bundan əlavə, Tramp Ukraynaya daha çox yardımın göstərilməsinə də şübhə ilə yanaşır. O, bunu edəcəyi halda ABŞ-nin kompensasiya almasını istəyir – ola bilsin ki, Ukraynanın mineral ehtiyatlarına çıxış almaq şəklində”, - agentlik yazır.

Maraqlıdır ki, ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Vitkoff da Ukraynada müharibənin dayandırılması işinə qoşulub. O, ABŞ-nin Dövlət katibi Marko Rubio və Tramp administrasiyasının digər rəsmiləri ilə birlikdə Amerika danışıqlar qrupunun tərkibinə daxil olacaq.

“Bloomberg” qeyd edir ki, bu səylərin Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasında uğur qazanacağına dair heç bir zəmanət yoxdur. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın işğal etdiyi bütün ərazilərin, o cümlədən Krımın geri qaytarılmasında israrlıdır. Bu məramlar Baydenin prezidentliyi dövründə ABŞ-nin rəsmi siyasətinə uyğun idi, lakin bu, artıq belə deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna  





Xəbər lenti