Əhali bir ayda 2,6 milyardlıq ərzaq alıb

   Əhali bir ayda 2,6 milyardlıq ərzaq alıb
  13 Fevral 2025    Oxunub:318
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.

Ötən ay alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,7 %-i ərzaq məhsullarının, 4,7 %-i içkilər və tütün məmulatlarının, 14,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olub.

Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,2 %, fərdi sahibkarlar üzrə 3 %, bazar və yarmarkalarda isə 3,6 % artıb. Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manatlıq, o cümlədən 257,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 215,7 manatlıq qeyri-ərzaq malları alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti