London Trampın mövqeyi ilə razı deyil

   London Trampın mövqeyi ilə razı deyil
  13 Fevral 2025    Oxunub:341
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində Ukraynanın NATO-ya üzvlüyünü “praktik” saymadığını deyib.
AzVision.az xəbər verir ki, Donald Tramp bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqsetin sözügedən məsələ ilə bağlı dediklərini belə şərh edib.

“Bu gün o (Heqset), bunun mümkün olmadığını və praktik olmadığını söylədi. Düşünürəm ki, bu, doğrudur. Mən bununla razıyam. Mən bunun praktik olduğunu düşünmürəm. Rusiya hakimiyyəti hələ Vladimir Putinin prezidentliyindən əvvəl Ukraynanın NATO-ya üzv olmasına heç bir halda yol verməyəcəklərini deyib”, - ABŞ prezidenti bildirib.

O, eyni zamanda, Birləşmiş Ştatların Ukraynaya köməyi davam etirəcəyini, amma bu yardımın əvəzində təminat almaq istədiyini diqqətə çatdırıb. ABŞ prezidenti həmçinin bildirib ki, Rusiya tərəfindən işğal olunmuş əraziləri Ukraynanın geri qaytarmaq ehtimalı yoxdur. Onun fikrincə, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətindir. Bununla yanaşı, Tramp hesab edir ki, Ukraynada atəşkəs “çox da uzaq olmayan gələcəkdə” mümkündür və ölkədə “nə vaxtsa” yeni seçkilər keçirilməlidir.

Amma Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn formatı) Brüsseldə keçirilən iclasına ilk dəfə sədrlik edən Böyük Britaniyanın Müdafiə naziri Con Hilinin “Ukrayna NATO-da layiqli yerə malikdir, lakin bu proses müəyyən vaxt aparacaq” bəyanatı bu məsələdə Londonla Vaşinqton arasında fikir ixtilafının mövcud olduğundan xəbər verir.

“Həmişə açıq şəkildə bildirmişik ki, Ukraynanın qanuni yeri NATO-dadır. Bu, müəyyən vaxt aparacaq bir prosesdir. Bu arada bizim vəzifəmiz, mənim Müdafiə naziri kimi vəzifəm, bu masa ətrafında toplaşan ölkələrin vəzifəsi gələcəkdə istənilən danışıqlar zamanı Ukraynanın mümkün olan ən güclü mövqeyə malik olmasını təmin etməkdir”, - Con Hili “Ramştayn” qrupun 26-cı iclasından sonra keçirilən mətbuat konfransında vurğulayıb.

Bu məsələ üzrə öz mövqeyini, bitr növ, əməldə təsdiqləyən Böyük Britaniya Ukrayna üçün xüsusi hazırladığı hava hücumundan müdafiə (HHM) sistemi olan “Gravehawk” zenit-raket kompleksini (ZRK) nümayiş etdirib.


Dronlara, qanadlı raketlərə və təyyarələrə qarşı mübarizə aparacaq bu sistemin cəmi 18 ay ərzində hazırlandığı bildirlir. Maraqlıdır ki, kompleksin əsasını yerüstü buraxılış qurğusundan istifadə üçün uyğunlaşdırılmış sovet “R-73 hava-hava” raketləri təşkil edib.

Bir kompleksinin dəyəri 1 milyon funt sterlinq olan (1,24 milyon dollar) “Gravehawk” ZRK-nın istehsalı üçün tələb olunan məbləğin yarısını Danimarka maliyyələşdirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vaşinqton   London   Ukrayna  





Xəbər lenti