Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

   Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək
  14 Fevral 2025    Oxunub:440
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişir.
Bu, Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.

Bildirilib ki, birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb. Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti