Kütləvi avtomobil qəzası : 115 maşın toqquşdu, 120 yaralı var

Kütləvi avtomobil qəzası :  115 maşın toqquşdu, 120 yaralı var
  15 Fevral 2025    Oxunub:1089
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobilin iştirakı ilə iki böyük yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qəzalar nəticəsində 120 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

İlk toqquşma bir neçə avtomobilin iştirakı ilə səhər saatlarında baş verib. Zərər çəkmiş 20 nəfər Uppsala Akademik Xəstəxanasına çatdırılıb, lakin detallı məlumat verilməyib.

Uppsaladakı Səhiyyə və Tibbi Xidmətlər Departamentinin direktoru Mikael Kyöler deyib: “Həm Uppsala Akademik Xəstəxanasında, həm də Ençöpinq Xəstəxanasında yüksək hazırlıq vəziyyəti elan edilib”.

Daha sonra 95 avtomobilin iştirakı ilə böyük qəza baş verib. Hadisə yerinə təcili yardım xidməti, o cümlədən tibbi helikopterlər cəlb edilib.

Hökumət ictimaiyyətə xəbərdarlıq edərək sürücüləri yolların təhlükəli hissələrində maşın sürməkdən çəkinməyə çağırıb. Bölgədə böhran qərargahı da yaradılıb.

Polisin məlumatına görə, hava şəraiti ekstremaldır və yollar çox sürüşkəndir. Yeni qəzalar istisna edilmir.

Meteoroloqlar qarın axşama kimi yağacağını, bundan sonra onun paytaxt Stokholma doğru hərəkət edəcəyi barədə xəbərdarlıq edirlər.

Röya Əliyeva
AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti