Livan: "Ərazimizdə İsrailin istənilən cür varlığını işğal sayacağıq"

      Livan:    "Ərazimizdə İsrailin istənilən cür varlığını işğal sayacağıq"
  18 Fevral 2025    Oxunub:661
"Livan öz torpaqlarında İsrailin hərbi mövcudluğunun bu, ya digər şəkildə qalmasını işğal kimi dəyərləndirməklə yanaşı İsrailin tamamilə geri çəkilməsini həyata keçirmək məqsədilə bütün vasitələrdən istifadə hüququna malikdir".
Bu barədə Livanın Prezident Aparatının sözçüsü Nəcat Şərafəddin bəyanat yayıb. O vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə ötən il imzalanan atəşkəs sazişinə əsasən, İsrail Ordusu bu gün Livan ərazisindən tamamilə çıxmalıdır.
Kats: "İsrail "Hizbullah"la atəşkəsə sadiqdir"

İsrail Silahlı Qüvvələri sözügedən şərti yerinə yetirsə də, "Hizbullah" qruplaşmasının mümkün təhlükəsinə qarşı" 5 strateji nöqtədə qoşunlarını saxlamağa qərar verib. Bu qərarı müdafiə naziri İsrael Kats şəxsən dilə gətirib.

Xanım sözçünün məlumatına görə, Prezident Cozef Aun, Baş nazir Nəvvaf Səlam və parlament sədri Nəbih Berri arasında İsrailin bu addımına dair müzakirə aparmaq məqsədilə iclas baş tutub. Ölkə rəhbərləri iclasın yekununda diqqətə çatdırıblar ki, "Livan Ordusu sərhədlər boyunca bütün vəzifələrini yerinə yetirməyə hazırdır".

"Livan həmçinin İsrailin atəşkəsi pozma halları ilə əlaqədar Birləşmiş Millətlər Təşilatının Təhlükəsizlik Şurasına da müraciət ünvanlayacaq", - xanım Şərafəddin bildirib.

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin bu gün qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib. Yaxın günlərdə "Hizbullah"ın da öz qüvvələrini Livanın cənubundan çəkəcəyi gözlənilir. Nəticədə həmin ərazidə yeganə hərbi güc kimi Livan Silahlı Qüvvələri qalacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   münaqişə  





Xəbər lenti