Nazirlik: 13 milyon manatdan çox əsassız ödəniş edilib

Hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikasının Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib
İş planına əsasən isə, Xidmət tərəfindən 2024-cü ildə 38 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla aşkar olunmuş 6 milyon 360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5 milyon 146,6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 1 milyon 213,5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Bundan başqa, Xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən 5 təşkilatda müraciətlərdə göstərilən hallar üzrə yoxlamalar aparılıb və nəticədə cəmi 4,5 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün nəticələr üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Xidmət tərəfindən hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara gələcəkdə yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsirli olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.
AzVision.az
Teqlər: