DANİB ideoloji təhdidlərlə bağlı Gəncə və Lənkəranda tədbir keçirib

DANİB ideoloji təhdidlərlə bağlı Gəncə və Lənkəranda tədbir keçirib
  20 Fevral 2025    Oxunub:430
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Postmüharibə dövründə yeni ideoloji təhdidlərlə mübarizə və milli identikliyin qorunması" adlı layihə çərçivəsində Gəncə və Lənkəran şəhərlərində tədbirlər təşkil edib.
DANİB sədri Elməddin Behbud hər iki şəhərdə keçirilən tədbirdə çıxış edərək bildirib ki, layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində qazandığımız qələbənin yaratdığı yeni siyasi mərhələdə gənclərin ideoloji tələblərinin qarşılanmasına töhfə vermək, xarici dairələrin Azərbaycan cəmiyyətinə, xüsusi ilə də ən pasionar kəsim olan gənclərə qarşı ideoloji təxribatlarını zərərsizləşdirməyə çalışmaq və prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji təhdidlərlə bağlı irəli sürdüyü tezislərdən çıxış edərək gənc nəslin vətənpərvərlik düşüncəsinin güclənməsinə, onların milli ideologiyamızı mənimsəməsinə yardımçı olmaqdır.

Elməddin Behbud postmüharibə dövründə gənclərin ideoloji immunitetinin gücləndirilməsinin vacibliyi, qlobal təhdidlər fonunda milli dəyərlərə bağlılığın artırılması zərurəti, informasiya manipulyasiyaları və s. məsələlərlə bağlı fikirlərini bölüşüb. DANİB sədri media və digər kommunikasiya vasitələri ilə milli kimlik şüurunun gücləndirilməsində və ideoloji təxribatların qarşısının alınmasında gənclərin önəmli rola malik olduğunu deyib.
Toplantıda çıxış edən Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Etibar Musayev Azərbaycan gəncliyinin qarşısında dayanan vəzifələr, ideoloji təhdidilərə qarşı effektiv mübarizə mexanizmləri, milli identikliyin qorunması və digər mövzularla bağlı geniş çıxış edib. Etibar Musayev gənc nəsildə milli dəyərlərə bağlılığı daha da gücləndirmək üçün onlarla daim dialoqların qurulmasının və birgə müzakirələrin aparılmasının vacib olduğunu bildirib.

Lənkəran şəhərində keçirilən tədbirdə çıxış edən tədqiqatçı Baqir Əlizadə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük müharibədə əldə etdiyimiz parlaq zəfərin tarixi əhəmiyyəti, ideoloji təhdidlərin neytrallaşdırılmasında gənclərin rolu və s. məsələlər haqqında ətraflı çıxış edib.

Çıxışlardan sonra gənclərin sualları cavablandırılıb və diskussiya keçirilib. Sonda gənclərə sertfikatlar təqdim olunub.

Hər iki toplantıda tələbələr və yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

Məlumat üçün bildirək ki, eyni zamanda layihə çərçivəsində 4 televiziya verilişi hazırlanaraq internet televiziyasında yayımlanıb.


Teqlər: QHT  





Xəbər lenti