Qalyan: “Ermənistana yeni Konstitusiya lazımdır”

      Qalyan:    “Ermənistana yeni Konstitusiya  lazımdır”
  20 Fevral 2025    Oxunub:429
Ermənistanın yeni Konstitusiyasına ehtiyac mövcud qanunda insan hüquqlarının, xüsusən də vətəndaşların sosial hüquqlarının aydın şəkildə ehtiva olunmaması ilə bağlıdır. Gələcəkdə bu məsələlərə diqqət yetiriləcək.
AzVision.az xəbər verir ki, Ermənistanın Ədliyyə naziri Srbui Qalyan ölkə Konstitusiyasına gözlənilən dəyişiklikləri şərh edərkən belə deyib.

“Ermənistanda idarəetmə modelində dəyişiklik nəzərdə tutulmayıb. Yeni Konstitusiya dövlət orqanlarının, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətini daha səmərəli tənzimləyəcək. Çox vaxt müxtəlif qurumların, məsələn, prokurorluq və istintaq strukturlarının funksiyaları öz aralarında bölünmür ki, bu da səmərəsizliyə gətirib çıxarır”, - erməni nazir vurğulayıb.

Ermənistanın yeni əsas qanununun mətni 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazır olmalıdır. Qalyan bundan sonra referendumun keçirilə biləcəyini də istisna etməyib.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyaya ehtiyac olduğunu bir daha bəyan edərək, hazırkı və əvvəlki Konstitusiyaların qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumların “legitimliklə bağlı problemləri” olduğunu vurğulayıb.

Amma Ermənistanın indiki Konstiusiyasında ən ciddi problem orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ehtiva olunmasıdır. Lakin rəsmi İrəvan həmin iddiaların Ermənistan Konstitusiyasından çıxarılması barədə Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən yayınmağa çalışır. Bu isə Cənubi Qafqazda davamlı sülhün və sabitliyini bərqərar olmasını əngəlləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Konstitusiya   zərurət  





Xəbər lenti