ABŞ anti-Rusiya qətnaməsini dəstəkləməyib

   ABŞ anti-Rusiya qətnaməsini dəstəkləməyib
  20 Fevral 2025    Oxunub:443
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ilk dəfə olaraq ABŞ BMT Baş Assambleyasının Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib.
AzVision.az xəbər verir ki, fevralın 24-ü üçün hazırlanan “Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün təşviq edilməsi” adlı hazırkı layihə Moskvadan “bütün silahlı qüvvələrini postsovet respublikası ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarması” tələbini qoyur. Moskva yenidən mülki infrastrukturu atəşə tutmaqda ittiham edilib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından etibarən BMT Baş Assambleyası vaxtaşırı Ukraynadakı vəziyyətə həsr olunmuş 11-ci fövqəladə xüsusi sessiyanın iclaslarını keçirir. Onun bir hissəsi kimi artıq Kiyevin mövqeyini dəstəkləyən və Moskvanın narahatlığına məhəl qoymayan altı qətnamə qəbul edilib. Onların hamısı Rusiyanı birtərəfli qaydada qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Co Baydenin dövründə qəbul edilən bu sənədlərin hər birində Birləşmiş Ştatlar Britaniya, Fransa, Almaniya, Kanada və Qərb düşərgəsinin digər ölkələri ilə birlikdə həmmüəlliflər arasında olub.

Bu dəfəki sənədin müəlliflər sırasında İngiltərə, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələr yer alsalar da, Vaşinqton kənarda qalmağa üstünlük verib.

Xatırladaq ki, bu, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan son danışıqlar, eləcə də Amerika lideri Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt bəyanatları fonunda fonunda baş verir. Zelenskini "diktator" adlandıran və və prezident seçkiləri keçirməkdən boyun qaçırmaqda günahlandıran Donald Trampın fikrincə, Ukrayna prezidenti “yemək mənbəyini qoruyub-saxlamaq” üçün müharibəni davam etdirmək istəyir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   BMT   Rusiya   ABŞ  





Xəbər lenti