Çin Trampın Ukrayna üzrə planını dəstəkləyir

   Çin Trampın Ukrayna üzrə planını dəstəkləyir
  21 Fevral 2025    Oxunub:354
Pekin ABŞ prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirərək onun planında Ukraynada “sülh pəncərəsi” görüb.
AzVision.az xəbər verir ki, Çinin Xarici İşlər naziri Van İ Böyük G20-nin (“Böyük İyirmilik”) Xarici İşlər nazirlərinin Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqda keçirilən görüşündə üç ilə yaxın davam edən müharibəyə son qoymaq üçün Kremllə təmasları bərpa edən Amerika liderinin strategiyasını dəstəkləyib.

“Çin ABŞ və Rusiya arasında əldə olunan son konsensus da daxil olmaqla, sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir”, - CNN telekanalı Çinin Xarici İşlər nazirinin çıxışından sitat gətirib.

Sammit çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla da görüşən Van İ digər mövzularla yanaşı, onunla Ukraynadakı müharibəni də müzakirə edib. Amma Moskva və Pekin dialoqun nəticələri barədə fərqli açıqlamalar veriblər.

Belə ki, Rusiyanın Xarici İşlər nazirliyinin açıqlamasında bildirilir ki, Van İ Ukraynadakı müharibənin “əsas səbəbləri”nin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Pekinin rəsmi bəyanatında “Rusiyanın böhranın əsas səbəblərini aradan qaldırmağa diqqət yetirdiyi və ədalətli, davamlı və sülh yolu ilə həll yolu tapmağa sadiq olduğu” vurğulanır.

Qeyd edək ki, ABŞ-nin Dövlət katibi Marko Rubio G20-nin XİN rəhbərlərinin toplantısına qatılmayıb. Çünki tədbirin keçirilməsi üçün məkan qismində onun “antiamerikanizm”də ittiham etdiyi CAR seçilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Tramp   dəstək  





Xəbər lenti