Avropa Kiyevə hərbi yardım barədə razılığa gələ bilmir

   Avropa Kiyevə hərbi yardım barədə razılığa gələ bilmir
  25 Fevral 2025    Oxunub:336
Avropa İttifaqının (Aİ) bir sıra ölkələri Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Ukraynaya yeni hərbi yardım paketinin ötürülməsi təklifini dəstəkləməyib. Buna səbəb onların ölkə büdcələrindən vəsait ayırmaq istəməməsi olub.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, avropalı diplomatlar maliyyə yükünün bölüşdürülməsində “bərabərlik və həmrəyliyin olmaması” səbəbindən Aİ-də narazılıq artdığını bildirirlər.

İspaniya, İtaliya və Portuqaliya israr edirlər ki, Ukraynaya yardım Avropanın müdafiə xərclərinin artması ilə əlaqələndirilməlidir.

“Onlar Brüsselə avrobondların buraxılması və ya müdafiə xərclərini büdcə kəsirinin hesablanmasından çıxarılması da daxil olmaqla alternativ maliyyələşdirmə mexanizmlərini nəzərdən keçirməyi təklif edirlər”, - qəzet bildirir.

FT: “Aİ sammitində qarşıdurma yaşanıb”
Almaniya və Fransa da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kallasın təşəbbüsünü dəstəkləmədilər. Belə ki, onlar artıq Kiyev üçün təhlükəsizlik təminatları üzrə danışıqlarda fəal iştirak edirlər, digər Aİ ölkələri isə daha passiv mövqe tuturlar.

“Politico” nəşrinin iddiasına görə, Aİ-nin martın 6-da keçiriləcək sammitində Ukraynaya yeni yardımla bağlı konkret qərarlar gözlənilmir. Bu fövqəladə toplantıda təfərrüatlar və dəstəyin həcmi məsələsi Aİ ölkələrinin başçıları tərəfindən müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzeti Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə fevralın 17-də Parisdə keçirilən qeyri-rəsmi fövqəladə sammitdə Ukraynaya qoşun yeritməsi ilə bağlı Avropa ölkələrinin liderləri arasında qarşıdurma yarandığını yazmışdı.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Avropa   Ukrayna   yardım  





Xəbər lenti