İrəvan Paşinyanın devrilməsi planında Rusiya izini silir

   İrəvan Paşinyanın devrilməsi planında Rusiya izini silir
  26 Fevral 2025    Oxunub:330
Ermənistanın İstintaq Komitəsi hakimiyyəti silahlı yolla ələ keçirməyə hazırlaşmaqda ittiham olunan üç nəfərin işi üzrə istintaqın başa çatdığını açıqlayıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) onların həbsi barədə hələ ötən ilin sentyabrında məlumat yaymışdı.
AzVision.az xəbər verir ki, qrupun Qarabağdan olan iki erməni, beş Ermənistan vətəndaşı və “şəxsiyyəti hələ müəyyən edilməyən” daha bir nəfərin iştirakı ilə yaradıldığı bildirilirdi.

Qrupun bəzi üzvləri “naməlum şəxslər” tərəfindən Rusiyanın Rostov vilayətinə aparılıb, burada onların şəxsiyyəti, Ermənistan hüquq-mühafizə orqanları ilə mümkün əlaqələri və digər detalları, o cümlədən poliqraf vasitəsilə yoxlanılıb. Daha sonra onlar A.Ş adlı birisinin rəhbərliyi altında “ArBat” hərbi bazasına aparılaraq, orada silahlı təlim, o cümlədən qapalı məkanlarda və binaların içərisində döyüş təlimləri keçiblər.

“Bundan əlavə, onlara məlumat verilib ki, təlimin məqsədi Ermənistan respublikasına qayıtmaq və mövcud hökuməti devirmək, beləliklə də Ermənistan respublikasını təmizləmək və xilas etmək çağırışlarını səsləndirməkdir”, - Ermənistan MTX-nin bəyanatında deyilirdi.

Erməni mətbuatının yazdığına görə, A.S. baş hərfləri Ukraynanın Donetsk vilayətində erməni “ArBat” batalyonunu yaradan və Rusiya tərəfində vuruşan kriminal avtoritet Armen Sarkisyana məxsusdur. Lakin İstintaq Komitəsinin son bəyanatında nə Rusiya, nə də Qarabağ adı çəkilir. Sadəcə, təqsirləndirilən şəxslərin “xaricə aparıldığı” və A.S.-nin rəhbərlik etdiyi təşkilatın bazasına yerləşdirildiyi deyilir.

Separatçı Sarkisyan Moskvada məhv edildi - VİDEO
Qrupun bəzi üzvləri sonradan çevriliş planında iştirakdan imtina edərək Ermənistana qayıdıblar. Biri Qarabağ ermənisi olmaqla üç nəfərin işi məhkəməyə verilib.
Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhdlə bağlı işdə Rusiyanın çərçivədən kənara çıxarılması Moskva ilə İrəvan arasında münasibətlərin bir qədər yumşalması ilə üst-üstə düşüb.

Yəqin ki, Ermənistan hakimiyyəti ritorikasını dəyişmək və bu məsələdə birbaşa Rusiyanı ittiham etməkdən çəkinmək qərarına gəlib. Belə ki, sui-qəsdin lideri, fevralın 3-də Moskvada sui-qəsd nəticəsində öldürülən kriminal avtoritet Armen Sarkisyanın Rusiyanın xüsusi xidmət orqanları ilə açıq-aşkar əlaqələri olub. Əgər o, həqiqətən də Ermənistanda dövlət çevrilişi üçün qrup yaradıbsa, deməli, o, müstəqil şəkildə yox, bu strukturların göstərişi ilə hərəkət edib.

Armen Sarkisyanın Moskvadakı elit yaşayış kompleksində məhv edilməsinin arxasında kimin dayandığı hələ də məlum deyil. Əvvəlcə Ukrayna kəşfiyyatının iştirakı ilə bağlı versiyalar irəli sürülüb. Lakin onun kriminal “haqq-hesablar” nəticəsində öldürülə biləcəyi ehtimalı da nəzərdən keçirilir. Bu yaxınlarda isə Armen Sarkisyanın qətli ilə bağlı iki Ermənistan vətəndaşının həbs olunduğu açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   çevriliş   Rusiya  





Xəbər lenti