Putin rusiyalı vətənpərvərləri qəzəbləndirib

   Putin rusiyalı vətənpərvərləri qəzəbləndirib
  27 Fevral 2025    Oxunub:371
Prezident Vladimir Putinin Donald Trampa gözlənilmədən Rusiyada nadir torpaq metallarının hasilatına sərmayə qoyması təklifi rus Z-vətənpərvərləri cameəsində hiddətə səbəb olub.
AzVision.az xəbər verir ki, Putini onun Uraldakı səlahiyyətli nümayəndəsi, “Donetsk Xalq Respublikasının (DXR)” ölmüş yaraqlısı Vladimir Joqanın atası Artyom Joqa tənqid edib.

“Nadir torpaq metallarının ölkədən ixracına ehtiyac yoxdur. Bu ehtiyatlar strateji ehtiyatdır və mən regionlardan olan həmkarlarımın diqqətini onların dövlətin maraqları üçün qorunub saxlanmasının zəruriliyinə yönəldirəm”, - Joqa deyib.

Siyasi texnoloq və “Regnum” təbliğat agentliyinin baş redaktoru Modest Kolerov ABŞ-lə sövdələşmələrlə bağlı “narahatlıqdan” danışıb. Kolerovun sözlərinə görə, Rusiyanın diplomatiyası və “investisiya fəlsəfəsi” göstərir ki, “biz kifayət qədər suveren, eləcə də kifayət qədər güclü və ayıq deyilik”.

“Russia Today” informasiya agentliyinin köşə yazarı Andrey Rudalev Putinin nadir torpaq müqaviləsini “taxıl müqaviləsi” ilə müqayisə edərək, “Qərbdəki tərəfdaşların” Tramp Ağ Evdən getdikdən sonra “bütün sövdələşmələri ləğv edəcəyindən” qorxduğunu bildirib.

2016-cı ildə Ramzan Kadırovun müxalifət xadimlərinə “xalq düşməni” kimi yanaşmaq çağırışını dəstəkləyən “Sputnik” radiosunun aparıcısı Mitya Olşanski “yöndəmsizlik və qıcıq hissi” keçirdiyini deyib.

- Sözün əsl mənasında dünən Amerikaya qarşı mübarizə gedəndə deyilənlərin hamısı unuduldu. Putin xüsusi olaraq görüş keçirərək “başqasının saat qurşağının iş saatına daxil olmaq üçün” axşam saatlarında Trampa Rusiyanın nadir torpaq minerallarını təklif etdi və küçələrdə “dostluq haqqında plakatlar” asılmağa başladı”, - Olşanski yazır.

O, hakimiyyəti mövcud siyasi vəziyyətdən asılı olaraq mütəmadi şəkildə “ayaqqabısını dəyişdirməkdə” günahlandıraraq, Kremlin ABŞ-yə ünvanladığı səs-küylü bəyanatlarını “ritorik ifadələr” adlandırıb.

NBC News: “Moskva Ukraynanın sərvətini ABŞ-yə təklif edib”
Hərbi blogerlər daha sərt ifadələrə üstünlük veriblər. Məsələn, Aleks Parker Returns Putinin sözlərini “baba axdı” sözləri ilə şərh edib. “Polkovnik Kvaçkov və tərəfdaşları” kanalı mümkün sövdələşməyə həsr olunmuş yazıda Trampı Putinin “ağası” adlandırıb.

- Başqa sözlə desək, ağa, bizə bax, bizim daha yaxşı dodaq boyası və daha cəlbedici saç düzümümüz var”, - bu Z-kanalı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin strateji resursları inkişaf etdirmək planları var və hakimiyyət bu məsələdə “siyasi iradənin təzahürü məqamı yetişəndə” ABŞ-lə birgə layihələrə hazır olacaq.

Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putinin özü Vaşiqntonla belə əməkdaşlıq etmək arzusunda olduğunu açıqlayıb. O, bunu Ukrayna ilə ABŞ arasında hazırlanmaqda olan saziş fonunda deyib. Ehtimal olunan müqaviləyə əsasən, amerikalılar Kiyevin təhlükəsizlik zəmanəti müqabilində Ukraynada nadir yeraltı metalların hasilatına çıxış əldə edəcəklər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   vətənpərvərlər   hiddət  





Xəbər lenti