Mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: