Tramp Kiyevə qarşı "yumşalır" - “The Wall Street Journal”

   Tramp Kiyevə qarşı "yumşalır"    - “The Wall Street Journal”
  28 Fevral 2025    Oxunub:486
ABŞ prezidenti Donald Tramp cümə axşamı Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə Ukraynaya qarşı daha dəstəkləyici mövqe nümayiş etdirib.
Bu fikirlər “The Wall Street Journal”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, bununla belə Ağ Ev rəhbəri Kiyevə Avropa müttəfiqlərinin ondan istədiyi təhlükəsizlik zəmanətini vəd etməyib.

Tramp : "Ukrayna məsələsində Rusiya güzəştə getməli olacaq"
"Beləliklə, Starmer ABŞ-ni Ukraynadakı sülhməramlı missiyaya cəlb etməyə çalışıb. Lakin Tramp dəfələrlə bəyan edib ki, o, bu cür variantları yalnız Moskva ilə Kiyev arasında atəşkəs razılaşması əldə edildikdən sonra nəzərdən keçirəcək", - müəllif yazıb.

Nəşr rəsmi Vaşinqtonun sülhə doğru əminliklə addım atmasına da işarə edib. Bunu yeni prezidentin açıqlamaları da sübut edir.

"Əgər biz bir sövdələşmə əldə etsək, əminəm ki, buna riayət edəcəyik", - Tramp Oval kabinetdə çıxışı zamanı deyib. Siyasətçi əlavə edib ki, onun məsələyə yanaşması "güvən və yoxla" prinsipi əsasında olacaq.

Məqalə müəllifi Trampın Kiyevə qarşı müsbət yöndə dəyişməsinə dair misal da gətirib.
"Tramp Ukraynaya qarşı etdiyi ən sərt tənqidlərdən bəzilərini yumşaldıb. O, bir müddət öncə Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandırsa da, indi belə bir faktın mövcudluğuna “inana bilmədiyini” deyir. Bununla yanaşı, siyasətçi Kiyevə əldən çıxan ərazilərin mümkün qədər Rusiyadan geri alınmasına kömək edəcəyinə söz verib".

WSJ yazıb ki, bu siyasi gediş Trampın cümə günü Zelenski ilə görüşü öncəsi yaranmış gərginliyi azalda bilər.

Tramp isə Zelenski haqqında bunları deyib: "Biz çox yaxşı anlaşacağıq. Ona böyük hörmətim var!".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tramp   ABŞ  





Xəbər lenti