Tramp: "Qəzza planı uğurla irəliləyir"

      Tramp:   "Qəzza planı uğurla irəliləyir"
  28 Fevral 2025    Oxunub:458
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının gələcəyi ilə bağlı ötən günlərdə irəli sürdüyü radikal plan üzrə danışıqların uğurla aparıldığını söyləyib.
"The Times of Israel" xəbər saytının məlumatına əsasən, o bu barədə Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında danışıb. Maraqlıdır ki, onun qəbuluna gələn Starmer fələstinlilərin plana əsasən Qəzzadan köçürülməsinin əleyhinədir.

"Onlara Qəzzaya qayıdıb həyatlarını yenidən qurmaq üçün icazə verilməlidir. Münaqişədə iki dövlətli həll regionda davamlı sülhə aparan yeganə yoldur", - o deyib.

Digər tərəfdən, Misir tərəfinin məlumatına görə, İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında üçmərhələli atəşkəs sazişinin ikinci mərhələsi üzrə danışıqlar artıq başlayıb. Misir tərəflər arasında münaqişənin həlli üzrə ABŞ və Qətərlə birgə əsas vasitəçilərdəndir.

(Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp birgə mətbuat konfransında)

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında HƏMAS və İsrail arasında üçmərhələli atəşkəs sazişi qüvvəyə minib. Atəşkəsin ikinci mərhələsi fevralın 3-də başlamalı idi. Bu müddət ərzində tərəflər arasında əsir mübadiləsi həyata keçirilsə də, proses gərgin şəkildə irəliləyir. Tərəflər bir-birini atəşkəsi mütəmadi pozmaqda günahlandırırlar. Eyni zamanda, İsrail də, HƏMAS da mümkün yenidən toqquşma ehtimalına qarşı hazırlıq işləri görürlər.
Tramp Qəzzanı belə görmək istəyir - VİDEO

Öz növbəsində, ABŞ lideri Donald Tramp "Qəzza zolağı xarabalığa, təhlükəli zonaya çevrildiyi" üçün sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələri, zolağın ABŞ tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar xüsusi plan irəli sürüb. Onun bu planı müxtəlif ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Rusiyanın xarici işlər naziri belə bir planı "İsrail və Fələstin arasında mümkün normallaşma prosesinə qarşı qoyulan "saatlı bomba" kimi qiymətləndirib.

"Sözügedən plan baş tutarsa, faciəvi nəticələr doğura bilər. Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qərarlarının da pozulması deməkdir", - Lavrov bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   HƏMAS   Qəzza   münaqişə  





Xəbər lenti