Putin güzəştə gedəcəkmi? - ISW

   Putin güzəştə gedəcəkmi?    - ISW
  28 Fevral 2025    Oxunub:378
Rusiya prezidenti Vladimir Putinin bəyanatları göstərir ki, Rusiya ərazi ambisiyalarını saxlayır və ərazi güzəştlərinə getmək istəmir.
AzVision.az Amerikanın “Müharibənin Tədqiqi İnstitutu”nun (ISW) ekspertlərinin fikrincə, Vladimir Putin və Rusiya rəsmiləri ABŞ-nin təklif etdiyi danışıqlar şərtlərini rədd etməkdə israrlıdırlar. Onlar hətta Ukraynanın bir sıra ərazilərdən imtina etməsi tələbini qoyurlar.

Dünən Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiyasına müraciətində Putin Rusiyanın döyüş qabiliyyətini artırmağa davam edəcəyini deyib. Kremlin sözçüsü Dmitri Peskov isə Donetsk və Luqanskın Rusiyanın ayrılmaz hissəsi olduğunu iddia edib.

ISW-nin hesabatında bildirilir ki, Putin Ukraynanın qarşısında Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tamamilə təslim etmək tələbini qoyur. Halbuki, rus qoşunları Donetsk, Xerson və Zaporojye vilayətlərinin əhəmiyyətli hissələrini ələ keçirməyib.

“Rusiya qoşunları hazırda Xarkov vilayətinin kiçik bir hissəsini və Nikolayev vilayətindəki Kinburn zolağını işğal ediblər. İndi onlar Dnepropetrovsk vilayəti ilə sərhədə qədər irəliləməyə çalışırlar. Kreml Rusiyanın burada məhdud əraziləri zəbt etməsi faktından Kiyevin daha da çox ərazidən imtina etməsi tələbini qoymaq üçün ilkin şərt kimi istifadə edə bilər”, - ISW vurğulayır.

Ekspertlər xatırladırlar ki, ABŞ prezidenti Donald Tramp fevralın 26-da Rusiyanın sülh danışıqlarında güzəştə getməli olacağını və Vaşinqtonun Ukraynaya mümkün qədər çox ərazi qaytarmağa çalışacağını bildirib. Eyni zamanda, analitiklər qeyd edirlər ki, Kreml ABŞ-ni Kiyevin və Qərbin güzəştləri müqabilində Ukrayna müharibəsi ilə bağlı olmayan iqtisadi gəlirlərdən yararlanmağa sövq edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Putin   güzəştlər  





Xəbər lenti