Ruxadze: Azərbaycan bizim xüsusi həssaslıqla yanaşdığımız ölkədir

“Biz Qafqazda qardaşlıq münasibətlərini qoruyuruq. Dəfələrlə müxtəlif qastrol səfərlərində Azərbaycana getmişik. Azərbaycan bizim üçün xüsusi həssaslıqla yanaşdığımız ölkədir. Biz Azərbaycanla əlaqələrin bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində inkişafında maraqlıyıq. Bunun üçün əlimizdən gələni etməyə hazırıq”, – Tinati Ruxadze bildirib.
Bu ilin yanvarında Bakıya səfərini və Prezident İlham Əliyev tərəfindən hörmətlə qarşılandıqlarını vurğulayan nazir deyib: “Bizi Bakıda çox yüksək səviyyədə, xüsusi hörmətlə qarşıladılar. Əsl qardaşa layiq qarşılanma oldu. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevlə görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.
“Qarşıda bizi böyük işlər gözləyir. Ümid edirəm ki, biz mədəniyyət sahəsində əlaqələrimizin daha da möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin inkişafında və dünyada təbliğində birgə çox işlər görəcəyik”, - Tinati Ruxadze vurğulayıb.
AzVision.az
Teqlər: Gürcüstan Azərbaycan münasibətlər