Emənistan tərəddüd etməyə başladı

   Emənistan tərəddüd etməyə başladı
  03 Mart 2025    Oxunub:382
Ermənistan parlamentinin müvafiq komissiyası ölkənin Avropa İttifaqına (Aİ) daxil olmaq niyyəti ilə bağlı qanun layihəsinin ikinci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb.
AzVision.az xəbər verir ki, fevralın 12-də Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Parlamentin 107 üzvündən 63-ü qanun layihəsini dəstəkləyib, yeddi deputat isə onun əleyhinə çıxıb.

Qanun layihəsi təşəbbüsünü parlamentə təqdim etmək üçün tələb olunan 50 min imzanın qarşılığında 60 min imza toplayan “Eurovot” vətəndaş təşəbbüs qrupu tərəfindən hazırlanıb. Yanvarın 9-da sənədə hökumətin iclasında baxıldıqdan sona o, parlamentin müzakirəsinə göndərilib.

Ermənistan Aİ ilə yaxınlaşmaq, viza rejiminin liberallaşdırılması və digər aspektlər üzrə müzakirələr aparmaq niyyətində olduğunu bildirib. Ölkənin baş naziri Nikol Paşinyan və Xarici İşlər naziri Aİ-yə daxil olmağın mümkünlüyünü qeyd edərək, ölkənin xarici siyasətinin şaxələndirilməsinin vacibliyinə eyham vurublar. Avropa İttifaqı da Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Moskva: “İrəvan düşünülməmiş addımlar atır”
Lakin əsrlər boyu Ermənistanı öz yedəyində saxlayan, onun təhlükəsizliyini təmin edən və hazırda bu ölkənin iqtisadiyyatına, demək olar ki, tamamilə nəzarət edən Rusiya İrəvanın bu siyasətinə neqativ yanaşma sərgiləyir. Ermənistan hakimiyyətini belə naşükürlükdən çəkindərməyə çalışan Moskva dəfələrlə bu yoldakı maneələrlə bağlı ciddi xəbərdarlıqlar səsləndirib.

Bu gün Ermənistan parlamentinin tərəddüdü isə ilk növbədə Vaşinqtonun Moskva ilə ciddi siyasi dialoqa başlaması və ABŞ-Aİ münasibətlərində get-gedə dərinləşməkdə olan çatlarla izah olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan     tərəddüd  





Xəbər lenti