Keir, Zelenski və Makron gələn həftə ABŞ-yə qayıdacaqlar - "Daily Mail"

   Keir, Zelenski və Makron gələn həftə ABŞ-yə qayıdacaqlar    - "Daily Mail"
  05 Mart 2025    Oxunub:532
Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gələn həftə Vaşinqtona səfər etməyə hazırlaşırlar. Onlar ABŞ prezidenti Donald Trampa müharibənin həllinə dair vahid plan təqdim edəcəklər. Hər iki liderə Ukrayna prezidenti Volodimir Zelenski də qoşulacaq.
Bu fikirlər "Daily Mail"də dərc olunan məqalədəndir.

Tramp: “Zelenski danışıqlara hazırdır”
Nəşr xatırladıb ki, artıq Zelenski də belə bir səfər hazırlığın getməsinə dair üstüörtülü fikirlər səsləndirib. Müəllif misal olaraq Kiyev rəhbərinin X-də paylaşdığı statusu göstərib. O, yazıb ki, artıq müharibəyə son qoymaq üçün tez bir zamanda işləməyməyə hazırdır. Ukrayna prezidenti hətta mineral ehtiyatlara dair saziş imzalamağa da hazır olduğunu vurğulayıb.

"Belə bir hadisənin baş verməsindən təəssüf hissi keçirirəm. İndi hər şeyi daha düzgün etməyin vaxtı çatıb. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun", - o qeyd edib.

Siyasətçinin paylaşımı Starmerlə telefon danışığından sonra yazılıb. Keir isə daha sonra Ukrayna liderinin “sülh axtarışına sarsılmaz sadiqliyini” alqışladığını bildirib.

Qeyd edək ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Ağ ev-in bununla bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Tramp   Makron   ABŞ   Ukrayna  





Xəbər lenti