Qadın sürücülərin sayı artıb

   Qadın sürücülərin sayı artıb
  05 Mart 2025    Oxunub:529
İlin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, ötən il doğulan 102,3 min körpədən 47 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8 faizə çatmışdır. Eyni zamanda sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, keçən il 15,9 faizədək artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti