DTX generalı Ermənistanın törətdiyi cinayətləri açıqlayıb

      DTX generalı Ermənistanın törətdiyi cinayətləri açıqlayıb
  10 Mart 2025    Oxunub:769
1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı ilə bağlı ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşib.
bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini, general-leytenant Şərafət Həsənov deyib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində 19 mindən çox vətəndaşımız öldürülüb və ya itkin düşüb, 65 mindən artıq insan müxtəlif bədən xəsarətləri alıb. 900-dən çox yaşayış məntəqəsi tamamilə dağıdılıb, ərazilərin infrastrukturuna və ekologiyasına 10 milyard dollarlarla ölçülən ziyan vurulub, 10 min hektarlarla ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.

DTX-nin rəis müavini bildirib ki, münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilib, mülki azərbaycanlı əhali kütləvi şəkildə qətlə yetirilib, əsir-girov götürüldükdən sonra qeyri-insani şəkildə saxlanılaraq dəhşətli işgəncələrə və məhrumiyyətlərə, humanizm prinsiplərindən kənar rəftara məruz qoyulub. Bütün bu hallar vətəndaşlarımızın itkin düşməsinə və taleyinin bu günə kimi qeyri-müəyyən qalmasına səbəb olub.

Qeyd edilib ki, itkin düşmüş 3 983 nəfərdən 3 209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmamışlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır.


AzVision.az



Teqlər:





Xəbər lenti