Macarıstan Aİ-nin əl-qolunu bağlayır

   Macarıstan Aİ-nin əl-qolunu bağlayır
  10 Mart 2025    Oxunub:772
Macarıstan Rusiyanın böyük bir qrup fiziki və hüquqi şəxslərinə qarşı martın 15-də başa çatacaq sanksiyaların uzadılmasını poza bilər.
AzVision.az xəbər verir ki, avropalı diplomatlara istinad edən “Euractiv” portalının yazdığına görə, martın 6-da Avropanın yenidən silahlanması və Ukraynaya gələcək dəstəyin müzakirə olunduğu Aİ sammitində Macarıstan digər Aİ ölkələrinin irəli sürdüyü təşəbbüslərə praktiki olaraq etiraz etməyib. Həmçinin Moskvaya qarşı sanksiyalar, Rusiya qazı və neftinin tədarükü kimi Aİ-də mübahisə doğuran məsələləri qaldırmayıb.

“Amma Budapeşt bu həftə digər Aİ ölkələrinə qarşı müqavimətini əhəmiyyətli dərəcədə artıra və onlardan maksimum güzəştlər axtara və ya sanksiyaların uzadılmasını real olaraq pozmağa çalışa bilər”, - avropalı diplomatlar narahatlıqlarını gizlətmirlər.

Portal yazır ki, Vaşinqtondan ABŞ-nin Rusiyaya qarşı sanksiyalar rejimini yumşaltmaq imkanını nəzərdən keçirdiyinə dair siqnallar fonunda Macarıstan da daha qətiyyətli davranmağa və Aİ-dən özü üçün daha böyük faydalar tələb edə bilər.

Budapeşt daha əvvəl səkkiz şəxsin sanksiya siyahısından çıxarılmasına nail olmaq və Ukrayna ərazisindən qaz tranzitinin bərpası məsələsində güzəştlərə nail olmaq niyyətində olduğunu açıqlamışdı.

Bu həftə yekdil qərar qəbul etməli olan Aİ-yə üzv bütün 27 ölkənin nümayəndələri Rusiyaya qarşı sanksiyaları uzatmağa cəhd göstərəcklər. Lakin Macarıstanla danışıqlar dalana dirənsə, bu sanksiyalar siyahısının müddəti başa çata bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan     əngəl  





Xəbər lenti