Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq
  22 Mart 2025    Oxunub:662
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə bu il Vyanada dahi bəstəkarın məşhur “Arşın mal alan” operettası 19 ildən sonra yenidən səhnəyə qoyulacaq.
AzVision.az xəbər verir ki, yeni quruluşda təqdim olunacaq ediləcək tamaşa, Avstriyanın mərkəzində yerləşən məşhur “Teatr Aksent”də oktyabrın sonu və noyabrın əvvəllərində nümayiş etdiriləcək.

Operettanın yaradıcı heyətinə rejissor Rita Serayniq və bədii rəhbər və dirijor Maykl Şnak rəhbərlik edir. Layihənin yüksək səviyyədə hazırlanması üçün yaradıcı heyətin Bakıya səfəri təşkil olunub. Səfər Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Leyla Qasımova və direktor müavini Elgün Niftəlinin müşayiəti ilə həyata keçirilib.

Yaradıcı heyət səfər çərçivəsində Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib. Xalq artisti, bəstəkar Sərdar Fərəcov onlara muzeyin tarixi və ekspozisiyaları haqqında geniş məlumat verib. Sərdar Fərəcovun rəhbərliyi ilə qonaqlar dahi bəstəkarın şəxsi əşyaları, musiqi alətləri və əlyazmaları ilə yaxından tanış olublar.

Tamaşa yerli Avstriya ifaçılarının iştirakı ilə hazırlanacaq. Ariyalar Azərbaycan dilində, libretto isə alman dilində təqdim ediləcək. Bu, Üzeyir Hacıbəylinin ölməz irsinin və Azərbaycan mədəniyyətinin Avropada daha geniş tanıdılmasına töhfə verəcək.

AzVision.az


Teqlər: Hacıbəyli   Vyana   operetta  





Xəbər lenti