Uitkoff: “Tramp İranla müharibə istəmir”

      Uitkoff:    “Tramp İranla müharibə istəmir”
  22 Mart 2025    Oxunub:774
ABŞ prezidenti Donald Tramp İranla dialoq qurmağa və Tehranın nüvə proqramı ilə bağlı problemi danışıqlar masası arxasında həll etməyə çalışır.
AzVision.az xəbər verir ki, Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə deyib.

Karlson onda Amerika administrasiyasının daxilində və xaricində bir çoxlarının Trampı İrana qarşı hərbi güc işlətməyə sövq etməyə çalışdıqları barədə təsəvvür yarandığı, bununla belə, ABŞ prezidentinin ilk növbədə məsələni sülh yolu ilə həll etməyə çalışmaqda maraqlı göründüyü təəssüratının yarandığına diqqət çəkib. Bunun cavabında Uitkoff Karlsonun qənaətini təsdiqləyib.

“Bəli, bu doğrudur. Düşünürəm ki, o, İranla hörmətli şəkildə davranmaq istəyir. Mümkünsə, onlarla inam yaratmaq istəyir. Bu onun öz adminsitrasiyasına göstərişidir. Ümid edirəm ki, iranlılar bunu müsbət qarşılayacaqlar. Bu müharibəyə president Tramp başlamaq istəmir. O, daha çox müharibəni dayandırmaq üçün hərbi gücdən istifadə edir. İnşallah bu lazım olmayacaq. Ümid edirəm ki, biz bunu danışıqlar masası arxasında edə bilərik”, - ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, martın 7-də Donlad Tramp “Truth Social” sosial şəbəkəsində İranın ali dini lideri Əli Xamneyiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini yazıb.

Lakin bu bəyanatı şərh edən Xameneyi Vaşinqtonun yalnız öz maraqlarını düşündüyü üçün ölkəsinin ABŞ-lə dialoq aparmayacağını deyib. Martın 12-də Xameneyi Trampın danışıqlara hazır olması ilə bağlı sözlərini dünya ictimai rəyinin “aldadılması” adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   İran   müharibə  





Xəbər lenti