SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib
  24 Mart 2025    Oxunub:971
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib.
AzVision.az bu barədə SOCAR-a istinadən xəbər verir.

“The Consultant Global” şirkətinin keçirdiyi təlim proqramının ilk sessiyasında SOCAR-ın prezidenti, vitse-prezidentlər, seqment, habelə SOCAR struktur bölmə və müəssisə rəhbərləri iştirak ediblər.

Təlim çərçivəsində uyğunluq mədəniyyətinin formalaşdırılması, SOCAR-ın yenilənilmiş Biznes Etikası və Davranış Kodeksi, eləcə də uyğunluq sahəsində yeni qüvvəyə minmiş digər sənəd və prosedurların tələbləri, beynəlxalq qabaqcıl təcrübələrlə bağlı məlumatlar təqdim olunub.

Təlim sessiyaları interaktiv şəkildə keçirilməklə, qarşılıqlı müzakirələr, eləcə də şirkət daxili münasibətlərin uyğunluq cəhətdən tənzimlənməsi və bu sahədə meydana çıxan sualların həll yollarının tapılmasına yönəlmiş praktiki yanaşmalar əsasında keçirilib.

SOCAR-ın yeni uyğunluq sistemi ümumilikdə işçilərin davranış qaydalarını təsbit edir, eyni zamanda üçüncü tərəflərlə olan münasibətləri tənzimləməklə korrupsiyaya, digər qeyri-qanuni və etik qaydalarına zidd hallarının vaxtında aşkar edilməsi və müvafiq tədbirlərin görülməsini özündə ehtiva edir.

Beləliklə, təlim proqramının həyata keçirilməsi ilə SOCAR şəffaflıq və qabaqcıl biznes prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. SOCAR-ın tətbiq etdiyi uyğunluq sistemi və onun əsasında keçirilən təlimlər beynəlxalq təcrübələrə əsaslanaraq, daxili normativ sənədlərin tətbiqi, onun monitorinqi, onların əsas prinsip və tələblərinin aidiyyəti şəxslərə aşılanması və ümumilikdə uyğunluq sistemi üzrə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək verir.

Biznes etikası və uyğunluq mədəniyyətinin şirkətin bütün fəaliyyət istiqamətlərinə inteqrasiyası məqsədilə SOCAR-ın Baş ofisinin işçiləri ilə yanaşı, SOCAR Qrupa daxil olan bütün müəssisələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
AzVision.az

Qalereya




Teqlər: SOCAR  





Xəbər lenti