Livanın Baş naziri: "Beyruta hücum atəşkəsin pozulmasıdır"

      Livanın Baş naziri:    "Beyruta hücum atəşkəsin pozulmasıdır"
  01 Aprel 2025    Oxunub:764
"İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Beyrutun cənubuna aviazərbə endirməsi İsrail ilə "Hizbullah" arasında bir ildən artıq döyüşləri başa çatdırmış atəşkəsin açıq-aşkar pozulmasıdır".
Bu barədə Livanın Baş naziri Nəvvaf Səlamın ofisi onun dilindən bəyanat yayıb. Bəyanatda vurğulanır ki, bu hücum, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini də kobud şəkildə pozub.

"Məhz həmin qətnamə 2006-cı ildə İsrail-"Hizbullah" müharibəsinə son qoymuş, habelə ötən ilin noyabrında qüvvəyə minən atəşkəsə zəmin yaratmışdı", - Baş nazir bildirir.

Livan Prezidenti Cozef Aun da hücumu pislədiyi barədə bəyanat yayıb, beynəlxalq müttəfiqləri ölkənin suverenlik hüququnu dəstəkləməyə çağırıb.
İsrail Beyrutu bombalayıb - VİDEO

Xatırladaq ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Yaşayış binasına tuşlanan aviazərbə nəticəsində 3 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta noyabrdan bəri ilk hücumudur. Məlumataa görə, aviazərbənin həyata keçirilməsində məqsəd bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" qruplaşmasının rəhbər şəxslərindən birini zərərləşdirmək idi.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti