“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib
  01 Aprel 2025    Oxunub:740
Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. “e-bildiriş” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.

“e-bildiriş” dövlət rüsumu tutan orqanın informasiya sistemində və ya informasiya sistemi olmadıqda, Sistemdə həmin orqan üçün yaradılmış elektron kabinetdə elektron qaydada tərtib edilir və ödəyicinin Elektron Hökumət İnformasiya Sistemindəki şəxsi kabinetinə ötürülür.

Dövlət rüsumunun ödəyicisi eyni dövlət rüsumu tutulan xidmət və ya hüquqi hərəkətin birdən çox sayda həyata keçirilməsi üçün müraciət etdikdə, “e-bildiriş” seriya və nömrələrin unikallığı qorunmaqla xidmət və ya hüquqi hərəkətin sayına uyğun olaraq toplu nömrələnmə sistemində tərtib oluna bilər.

“e-bildiriş” dövlət rüsumunun ödəyicilərinin müraciəti əsasında dövlət rüsumu tutan orqanlar tərəfindən elektron qaydada və ya kağız daşıyıcıda təqdim edilir. “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzində “e-bildiriş”in seriya və nömrəsinin doldurulması məcburidir.

Dövlət rüsumu ödənilməmişdən əvvəl dövlət rüsumunun ödəyicisi tərəfindən xidmətin və ya hüquqi hərəkətin göstərilməsindən imtina edildikdə, “e-bildiriş” tərtib olunan zaman texniki səhv olduqda və dövlət rüsumunun məbləği səhv hesablandıqda “e-bildiriş” ləğv edilir. e-bildiriş” dövlət rüsumu tutan orqan tərəfindən ləğv edildikdən sonra bu barədə məlumat Sistemə ötürülür.

AzVision.az



Teqlər:





Xəbər lenti