“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür

 “Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür
  07 Aprel 2025    Oxunub:543
ABŞ hökumətinin tətbiq etdiyi yeni tariflər dünya iqtisadiyyatını çökdürüb. Bu fikirlər "Financial Times"da dərc olunan məqalədəndir.
Qeyd edilib ki, prezident Donald Trampın tarif siyasəti sayəsində ABŞ fond indeksləri və Asiya səhmləri üzrə fyuçerslər kəskin ucuzlaşıb. Donald Tramp administrasiyası isə iqtisadçıların qlobal tənəzzülün yaranacağı ilə bağlı narahatlıqlarına baxmayaraq, kütləvi tarifləri qüvvədə saxlayacaqlarını bəyan edirlər.

Tariflər “savaşı” nə ilə nəticələnəcək?
Nəşr Çin bazarlarının çökməsinə də diqqət çəkib. Honq-Konqun "Hang Seng" İndeksi 10%-dən çox, materik indeksi olan CSI 300 isə 5,8% azalıb. Azalmalar “Alibaba” və “Tencent”in səhmlərində də müşahidə olunub. Çinin CATL şirkəti 10 % -ə yaxın itki ilə üzləşib. "MSCI Asia Pacific" 13 ölkəni əhatə edən indeksdə 7 faizdən çox geriləyib. Ümumilikdə Çin səhmlərinin əsas göstəriciləri 10 %-dən çox ucuzlaşıb. Bundan başqa, Yaponiyada "Topix" indeksi 6,5%, "Nikkei" 225 indeksi isə 6,3% ucuzlaşıb. Həmçinin Avstraliyanın S&P/ASX 200 və Koreyanın "Kospi" indeksləri 4%-dən çox aşağı düşüb.

"Bu azalmalar "S&P 500" indeksinin 2020-ci ildə koronavirus pandemiyası başlayandan bəri yaşadığı ən pis həftəsonundan sonra baş verib. "S&P 500" 5 trilyon dollardan çox itirib. Onun cümə axşamı və cümə günləri 10%-dən çox çökməsi son 85 ildə indeksin bu qədər sürətlə endiyi dördüncü hadisə sayılıb",- müəllif yazıb.

Tarixə “Tramp tarifləri” kimi düşən bu arzuolunmaz iqtisadi proseslər əmtəə qiymətlərini də əhəmiyyətli itkilərə məruz qoyub. ABŞ-nin "West Texas Intermediate"ə məxsus nefti 3,4 faiz ucuzlaşıb. Hazırda 1 barrel 59,80 dollardır. Beynəlxalq etalona çevrilmiş "Brent" markalı neft isə 3,4% ucuzlaşaraq 63,35 dollar olub.

Dünya iqtisadiyyatına birbaşa təsir edən amillərdən biri də metalların qiymətidir. Belə ki, sənayedə daha çox istifadə olunan LME misinin qiyməti 7%-dən çox azalaraq ton üçün 8,690 dollara düşüb.

Yeni tariflər bitkoinlərdən də yan keçməyib. Bitkoinin qiyməti bir token üçün 0,8% azalaraq 78 198 dollar olub. Həmçinin dollar da 0,3 faiz ucuzlaşıb. Yaponiya yeni isə əksinə 0,8 faiz artıb. İndi bir dollar üçün 145,6 yen ödənilir. Çinin sərbəst ticarət apardığı ofşor yuanı 0,2% ucuzlaşaraq 7,31 dollara düşüb.

Xatırladaq ki, aprelin ikisindən üçünə keçən gecə Donald Tramp ABŞ-yə 185 ölkədən idxala 10%-lik idxal rüsumunun tətbiqini elan etdi. Bu tədbir 2025-ci il aprelin 5-dən qüvvəyə minib. Avropa İttifaqı və Çin daha yüksək faizlərlə üzləşiblər. Bu iki gücə müvafiq olaraq 20% və 54%-lik rüsumlar tətbiq olunacaq.

Həmçinin dünyanın ən böyük iqtisadiyyatı ilə ticarətdə asimmetrik ticarət məhdudiyyətlərindən istifadə edən və ABŞ-nin böyük ticarət kəsirlərinə səbəb olan ölkələrin tədarüklərinə artan “güzgü” tarifləri tətbiq olunur - bu tariflər aprelin 9-da gecə yarısı qüvvəyə minəcək.

Vaşinqton bu addımını Birləşmiş Ştatlarla ticarətdə xüsusilə güclü asimmetriyaya malik olan, Amerika istehsalçılarının və vergi ödəyicilərinin maraqlarını qorumaq, ticarət kəsirini azaltmaq və “ədalət”i bərpa etmək istəyi ilə əsaslandırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tarif   Tramp   İndeks   İqtisadiyyat   ABŞ  





Xəbər lenti