Uşaqları tez-tez xəstələnməkdən necə qoruyaq?

Uşaqları tez-tez xəstələnməkdən necə qoruyaq?
  07 Aprel 2025    Oxunub:443
Hərçənd valideynlər övladlarının tez-tez xəstələnmələrindən gileylənsələr də, həkimlər bildirirlər ki, bu, xüsusilə erkən yaşlarda normal haldır.
Pediatrlar diqqətə çatdırırlar ki, məktəbəqədər uşaqlarda kəskin respirator virus infeksiyalarının tezliyinin ildə 12 epizoda, məktəblilərdə isə 8-dək olması mümkündür. Beləliklə, öskürək, yaxud burun axması kimi əlamətlər mütəmadi təkrarlana bilər.

Uşaqların xəstəliklərdən qorumaq üçün immun sistemlərini gücləndirmək məqsədilə qidalanmaya diqqət yetirmək mütləqdir. Onların qidalanmalarında daha çox təzə meyvə-tərəvəzə, proteinli məhsullara yer vermək, eyni zamanda da, şirniyyat və fest-fud istehlakını məhdudlaşdırmaq vacibdir. Təmiz havada müntəzəm gəzintiyə çıxmaq, daima hərəkətdə olub müxtəlif oyunlarla bədənin müdafiə mexanizmini gücləndirmək də immuniteti gücləndirməyə kömək göstərir.

Bütün bu məsləhətlərlə yanaşı həkimlər uşaqların gündəlik həyatda həddindən artıq steril mühitdə qalmalarının məqbul sayılmadığını söyləyirlər. Uşaqlar ətraf dünyanı araşdırmaqla öz immun sistemlərini gücləndirirlər. Düzdür, gigiyena vacibdir, amma valideynlər dezinfeksiya və sterilizasiyada ifrata varmamalıdırlar.

Pediatrlar həmçinin mövsümi xəstəliklərdə peyvəndin infeksiyanın qarşısını almaqda, eləcə də xəstəliyin gedişini əhəmiyyətli dərəcədə yüngülləşdirməkdə əhəmiyyətli rol oynadığını vurğulayırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: uşaqlar   mövsümi-xəstəliklər   məsləhət  





Xəbər lenti