Sahə həkimi 4 aylıq körpəni ölümcül hala salıb

Sahə həkimi 4 aylıq körpəni ölümcül hala salıb
  08 Aprel 2025    Oxunub:1210
Sabunçu sakini Həsənağa Mirzəyev həmin rayondakı 12 saylı poliklinikanın sahə həkimi Elnurə Qurbanovadan şikayətçidir. Onun sözlərinə görə, sahə həkimi 4 aylıq körpə uşağa yoxlamadan, analiz və müayinə etmədən peyvənd vuraraq, ağır vəziyyətə salıb.
“Savadsız həkim allergiyası olan uşağa göy öskürəyə qarşı müayinəsiz peyvənd vurub. Uşaq həmin gündən 39-40 dərəcə qızdırma içindədir. Hadisədən 4 gün sonra uşağı “Məlhəm” hospitala apardıq. Orda da bir gədər pul xərcləyəndən sonra uşaq daha da pisləşdi. Hazırda 10 gündür dövlət xəstəxanalarının birində müalicə alır. Vəziyyəti ağır olaraq qalır”,- körpənin atası bildirib.

Onun sözlərinə görə, müayinələrdən sonra uşağın qanına infeksiya düşdüyü məlum olub, üstəlik, anemiya yaranıb. Həkimlərin dediyinə görə bu cür xəstə uşaqlara qan analizi götürmədən qəti peyvənd vurmaq olmaz.

“Hazırda uşağın bütün orqanlarında iltihablaşma başlayıb. Hətta dedilər ki ürək klapanlarının hər birində iltihab var, həmçinin qaraciyər böyüməsi, böyrəklər və sidik yollarında ciddi fəsadlar yaranıb. Bütün qan göstəriciləri həddindən artıq yüksəlib”,- Həsənağa Mirzəyev bildirib.


O iddia edir ki, sahə həkimi E.Qurbanova dəfələrlə körpələri ölümcül vəziyyətə salıb: “Bir uşaqda sinədə bəlğəm olduğu halda ona da iynə vurub. Uşaq bəlğəmli öskürəyi çıxara bilmədiyi üçün xəstəxanaya yerləşdirilib. Bu bisavad Sabunçu rayonu 12 saylı şəhər poliklinikasında işləyir. Bakıxanov qəsəbəsində “Akkord”un binaları deyilən əraziyə baxır. Şikayət edəcəyimizi eşidərək, tez məzuniyyətə çıxıb”.

Valideyn övladını ağır vəziyyətə salan sahə həkimi Elnurə Qurbanovanın cəzalandırılmasını tələb edir.


Teqlər: Həkim   Səhiyyə  





Xəbər lenti