Əsgər, təhsilə doğru, irəli!

// Artıq orduda xidmət edə-edə təhsil almaq mümkündür

      Əsgər, təhsilə doğru, irəli!
  20 Aprel 2025    Oxunub:1717
Hazırda Milli Müdafiə Universitetinə elektron sənəd qəbulu davam edir. Martın 3-də başlayan proses mayın 30-da bitəcək. Builki prosesin əvvəlkilərdən fərqi iki vacib “ilk”in olmasındadır.
Birincisi, ilk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi Kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə elektron qaydada sənəd vermək olar.

İkincisi və daha vacibi, müddətli həqiqi hərbi xidmətdə olanlar – yəni hazırda xidmət edən əsgərlər təhsil ala biləcəklər. 2024-cü ildə 11-ci sinif buraxılış imtahanında yaxşı nəticə əldə etmiş əsgərlərin Bakı və Naxçıvan Hərbi Kolleclərində 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil almaq imkanları var.

Üstəlik, iki illik təhsil müddətində kursantlar ərzaq, tibbi sığorta, yaşayış yeri, birdəfəlik və aylıq ödəmələrlə təmin olunacaqlar. Dövlət hesabına xaricdə təhsil imkanı yaradılacaq.


Ətraflı məlumatı “ www.mmu.edu.az ” saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən əldə etmək olar. Bundan başqa, Milli Müdafiə Universiteti meyarlara uyğun gələn və hazırda xidmətdə olan əsgərlərin valideynlərinin suallarına cavab tapmaları üçün xüsusi WhatsApp kanalı da yaradıb.

Bu yenilik sözün həqiqi mənasında inqilabi əhəmiyyətlidir. Çünki indiyə qədər ali təhsil almaq və əsgər getmək bir-birinə əks vəziyyət kimi qoyulurdu. Yəni orta məktəbi bitirəndən sonra ya təhsil almalısan, ya da əsgər getməlisən. İndi isə vəziyyət kökündən dəyişir. Əsgər getmək də ali təhsil almaq üçün bir imkana çevrilir.

Bu addım eyni zamanda onu göstərir ki, Azərbaycan Ordusunun kadr bazasının intellektual potensialına xüsusi diqqət yetirilir. Müasir ordu təkcə yeni texnika yox, həm də savadlı əsgər deməkdir. Bizə də məhz belə əsgərlər lazımdır. Bu islahatın yaxın illərdə çox yüksək nəticə verəcəyinə heç bir şübhə ola bilməz.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ordu   Hərb  





Xəbər lenti