“B” planı: Ukrayna təkbaşına müharibəyə hazırlaşır

      “B” planı:    Ukrayna təkbaşına müharibəyə hazırlaşır
  28 Aprel 2025    Oxunub:455
Rusiya ilə sülh razılaşmasının əldə olunmayacağı ssenariyə hazırlaşan Ukrayna öz müdafiə sənayesini fəal şəkildə inkişaf etdirir.
AzVision.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, Kiyev ABŞ-nin hərbi yardımının sona çatmasından ehtiyat etdiyinə görə öz qüvvələrinə arxalanır.

“Vatikanda Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Vaşinqton israr edir ki, Ukrayna öz ərazisinin ən azı beşdə birindən imtinanı nəzərdə tutan sülh planına razılaşsın. Kiyev bu cür güzəştlərin qəti əleyhinədir və artıq bir neçə aydır ki, ABŞ-dən yeni silah tədarükü olmadan yaşayır”, - qəzet yazır.

Məlumatda bildirilir ki, Ukrayna kamikadze dronlarının istehsalını 2023-cü ildəki 600 mindən ötən il 1,5 milyona çatdırıb. Bu ilin sonuna qədər isə istehsal gücünü 3 milyona çatdırmağı planlaşdırılır. Bu pilotsuz təyyarələr hazırda Rusiyanın cəbhə xəttindəki itkilərinin 75%-ni təmin edir.

Kiyev, habelə ağır artilleriya istehsalını da inkişaf etdirir: ayda 20 ədəd “Boqdan” haubitsası istehsal olunur və onlar üçün sursatın bir hissəsi ölkə daxilində yığılır. Bununla belə, Almaniya və Fransadan mərmilərdən asılılıq qalmaqdadır.

Amma Ukraynanın əsas problemi hazırda şəxsi heyətin çatışmzalığıdır. Yeni könüllüləri cəlb etmək üçün ölkənin Müdafiə nazirliyi 18-24 yaşlı hərbi qulluqçuların maaşlarını iki dəfə artırıb.

Donald Tramp Krımın Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın NATO-ya üzvlükdən imtinasını və işğal olunmuş ərazilər üzərində Rusiyanın nəzarətini saxlamağı nəzərdə tutan sülh planını irəli sürməkdə davam edir. Bu şərtləri rədd edən Zelenski beynəlxalq təhlükəsizlik zəmanəti tələbini irəli sürür.

Əvvəllər Kiyevdən qoşunlarını Ukraynanın 4 vilayətindən çıxarmağı tələb edən Moskva indi ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti