Çin Yerin hərəkətini yavaşıdıb

   Çin Yerin hərəkətini yavaşıdıb
  02 May 2025    Oxunub:652
ABŞ-nin NASA kosmik agentliyi Çində dünyanın ən böyük su elektrik stansiyası olan “Üç dərə” bəndinin tikintisinin planetimizdə fiziki qanunauyğunluğu pozduğunu iddia edir.
AzVision.az xəbər verir ki, alimlərin hesablamalarına istinad edən NASA-nın yaydığı məlumata görə, böyük həcmdə suyun süni su anbarlarına yönləndirilməsi Yerin kütlə balansını pozub və bu da planetin ətalət momentinin artmasına səbəb olub.

Qurumun hesabatlarında qeyd edilir ki, bu, Yerin fırlanmasında bir qədər ləngiməyə səbəb olub: günün uzunluğu təqribən 0,06 mikrosaniyə artıb, planetin fırlanma oxu isə təxminən 2 santimetr dəyişib.

“Bu fenomen fiqurlu konkisürmədə olduğu kimi eyni prinsiplə izah olunur: idmançı fırlanarkən qollarını uzadanda sürəti azaldığı kimi, planet də ekvatora doğru yükləndikcə yavaş fırlanmağa başlayıb”, - NASA bildirib.

Qeyd edək ki, “Üç dərə” bəndi Çinin Hubey əyalətindəki Yantszı çayı üzərində yerləşir və 39 trilyon kiloqramdan çox - təxminən 45 kub kilometr həcmində su tutumuna malikdir. Bu, Cenevrə gölündə olan suyun həcmindən təxminən 10 dəfə çoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NASA   Çin   Yer  





Xəbər lenti