"Telefon qurbanları": 9 nəfər imtahandan xaric olunub

   "Telefon qurbanları":    9 nəfər imtahandan xaric olunub
  25 May 2025    Oxunub:342
Mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib. Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

İmtahanda 54 min 247 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.


Teqlər: İmtahan  





Xəbər lenti