Ermənistanın Azərbaycan torpaqlarıda talançılıq aparması məhkəmədə təsdiqlənib

   Ermənistanın Azərbaycan torpaqlarıda talançılıq aparması məhkəmədə təsdiqlənib
  26 May 2025    Oxunub:725
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.
Təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın sualarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.

“Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə Melikset Paşayan suallara cavabında söyləyib.

O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”.

Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub. M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər: “Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”.

O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib. M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib: “Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Harutyunyanın dövründə idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti