Azərbaycan və Misir arasında müzakirələr aparılıb

   Azərbaycan və Misir arasında müzakirələr aparılıb
  26 May 2025    Oxunub:644
Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.

Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Görüşdə spiker Sahibə Qafarova, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib. Parlament sədri, qonağın ölkəmizə budəfəki səfərinin ikinci olduğunu xatırladaraq, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. Prezidentlərimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər əsasında mövcud potensialdan istifadə etməyə şərait yaratmaqla yanaşı, fəal siyasi dialoqu da dəstəkləyərək iki ölkə arasındakı əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verir.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq qeyd edilib ki, Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar və kifayət qədər böyük potensial mövcuddur. Eyni zamanda, xalqlarımız arasında mövcud olan ortaq mənəvi dəyərlər, o cümlədən İslam dini və ailə dəyərləri fonunda humanitar əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyi, son illərdə bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, 2023-cü ildə Misir Ərəb Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib və parlamentlərarası münasibətlərin dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin rolunu xüsusi olaraq diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisi ilə Misir Ərəb Respublikası Senatı arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün mühüm hüquqi əsas yaratdığını vurğulayan parlamentin sədri qeyd edib ki, bu sənəd eyni zamanda parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə də töhfə verəcək.

Səmimi qəbula görə minnətdarlığını bildirən Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq, Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirib, Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, bu görüşün mehriban və səmimi şəraitdə keçdiyini vurğulayıb.

Senatının sədri, hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətləri, qarşılıqlı səfərləri və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbətdə beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb, parlamentlərimizin xüsusilə Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəki birgə fəaliyyəti və qarşılıqlı dəstəyi məmnunluqla qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə ətraflı məlumat verərək, bu qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunduğunu, hazırda institutlaşma prosesinin davam etdiyini diqqətə çatdırıb. O, Misir parlamentinə qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Şəbəkənin gələcək inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

Söhbət zamanı, Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti