Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

   Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  30 May 2025    Oxunub:580
Pekində Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında mövcud əməkdaşlıq, gələcək layihələr üzrə müzakirələr aparılıb.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə görüşündə iki qurum arasındakı əlaqələr, dövlətlərarası və xalqlararası münasibətlərin inkişafı istiqamətindəki layihələr müzakirə edilib.

Ötən il Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Yan Vanmin Azərbaycanın bu günə qədər böyük inkişaf yolu keçdiyini, bütün bunların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edildiyini vurğulayıb.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun iki ölkə arasında layihələrin genişlənməsində, o cümlədən Azərbaycanın bir sıra regionlarında gənclərin iştirakı ilə forumlarım təşkilində maraqlı olduğunu bildirib, Prezident İlham Əliyevin Pekinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin dəstəkləndiyini xatırladıb. Bu çərçivədə gələcəkdə əməkdaşlıq ediləcək sahələr və reallaşdırılacaq layihələr bir daha nəzərdən keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan-Çin dostluğunun genişlənməsində böyük rol oynadığı qeyd olunub. Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında Memorandum çərçivəsində ötən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyi, 2023-cü ildə Pekində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti üzrə bir sıra tədbirlərin təşkil olunduğu xatırladılıb.

Görüşdə təhsil, turizm sahələrində və gənclərin hərtərəfli inkişafı baxımından gələcək layihələr müzakirə edilib. İyul ayında Çində təşkil olunacaq Gənclər Forumunda Azərbaycandan bir qrup gəncin iştirakı məsələsi diqqətə çatdırılıb.

Görüş zamanı Heydər Əliyev Fondunun Çin-Azərbaycan dostluq münasibətlərinə verdiyi müstəsna töhfələr nəzərə alınaraq Fondun icraçı direktoru Anar Ələkbərov “Xalqlar dostluğu səfiri” mükafatı ilə təltif olunub.

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində bu ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti