Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirilib
  30 May 2025    Oxunub:625
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində sosial müdafiə tədbirləri, qanunvericiliyin tələbləri və mina təhlükəsi ilə bağlı geniş maarifləndirmə və izahat işləri aparılır. Bu məqsədlə əhaliyə məlumat kitabçaları və broşürlər təqdim olunur, videoçarxlar hazırlanaraq nümayiş etdirilir.
Dövlət Komitəsindən AzVision.az -a bildirilib ki, növbəti belə tədbir Laçın rayonunun Bəylik kəndinə köçürülən 89 ailə arasında keçirilib. Tədbirdə iştirak edənlərə vahid aylıq müavinət, onun müddəti və qanunvericilikdə nəzərdə tutulan əsaslarla bağlı ətraflı məlumat verilib. Eyni zamanda, mina təhlükəsi ilə bağlı hazırlanmış xəbərdarlıq videoçarxları nümayiş olunub, təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, dövlətin məcburi köçkünlərlə bağlı siyasətinin əsas istiqamətlərindən biri onların sosial müdafiəsinin təmin edilməsi və təhlükəsiz şəraitdə məskunlaşmasına nail olunmasıdır. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin rahatlığı və təhlükəsizliyi xüsusi diqqətdə saxlanılır.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna əsasən, bu kateqoriyadan olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına vahid aylıq müavinət ödənilir. Lakin daimi yaşayış yerinə qayıdışdan üç il sonra bu müavinətin verilməsi dayandırılır. Bu müddət və onun hüquqi əsasları barədə əhali ətraflı məlumatlandırılır.

Dövlət Komitəsi tərəfindən aidiyyəti şöbələr, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələrinin iştirakı ilə mütəmadi maarifləndirici görüşlər keçirilir. Məqsəd keçmiş məcburi köçkünlərin hüquq və vəzifələri barədə məlumatlandırılması, onların təhlükəsiz və dayanıqlı şəkildə yeni yaşayış yerlərində məskunlaşmasına dəstək göstərilməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti