Qastronomiyada tətbiq ediləcək yeniliklər açıqlandı

   Qastronomiyada tətbiq ediləcək yeniliklər açıqlandı
  30 May 2025    Oxunub:583
Bizim sənayenin əsas lokomotivi aşpazlardır. Aşpazların bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Qastronomiyanı biz əvvəllər bir element kimi təqdim edirdik, artıq onu müstəqil sahə kimi ayırmışıq.
AzVision.az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova Agentliyin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında söyləyib.

O, təkcə əcnəbi turistlər üçün deyil, yerli turistlər üçün də qastronomiya sahəsində tanıtım tədbirlərinin həyata keçirildiyini deyib: "Növbəti üç il üçün əsas məqsədlər - dərin təhlilə və milli qastronomiyaya elmi yanaşmanın təmin olunması, qastronomiya tədrisinin bakalavr səviyyəsinə çatdırılması, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşdirilməsi və ölkənin regional qastronomiya imkanlarının inkişaf etdirilməsidir".

Onun sözlərinə görə, milli qastronomiyaya elmi yanaşma istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq planlaşdırılır. Bu yanaşma təkcə “Millidadlar.az” portalı ilə məhdudlaşmır – portal çərçivəsində Azərbaycan qastronomiyasının tarixi köklərinə həsr olunmuş ayrıca bölmə də hazırlanacaq.

"Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində atılacaq addımlar çərçivəsində yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur" deyən Səkinə Əsgərova bildirib ki, qastronomiya sahəsinin tanınmış liderlərinin regionlara səfərlərinin təşkili, şərabçılıq və üzümçülük sahəsində festivalların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır:

"Həmçinin beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual şəkildə tanıdılması və dünyanın aparıcı qastronomiya media platformalarında xüsusi vizual və məzmun yönümlü təbliğat materiallarının yayımı da gündəmdədir", - deyə S.Əsgərova diqqətə çatdırıb.

O əlavə edib ki, beynəlxalq qastronomiya təşkilatları ilə birgə ölkə üzrə biomüxtəliflik nümunələrinin tədqiqi və qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti