I və IV ixtisas qrupları imtahan verir

I və IV ixtisas qrupları imtahan verir
  01 İyun 2025    Oxunub:716
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə edilməsinə 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 53 abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.


Teqlər: Təhsil   İmtahan  





Xəbər lenti