"Qərbi Azərbaycanın mədəni irsinin taleyi dünyaya çatdırılır" - Səadət Yusifova

- Ümid edirik ki, bu kimi mədəni tədbirlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan mədəni dialoqu daha da gücləndirəcək, dövlət başçılarımızın həyata keçirdiyi vahid Türk dünyası siyasətinə töhfə verəcək və xalqlarımız arasında bağların möhkəmlənməsinə xidmət edəcək,- deyə Səadət Yusifova vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Qərbi Azərbaycanın mədəni irsinin təbliğində fəal iştirak edirlər. Nazir müavini əlavə edib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş, Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş “Cənnət yuxusu” adlı bədii-sənədli film xarici dillərə tərcümə olunaraq digər ölkələrin sənətsevərlərinə də təqdim ediləcək.
“Bu film vasitəsilə, həmçinin indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların yaratdığı mədəni irsin faciəli taleyi dünya ictimaiyyətinə çatdırılır. Ümid edirik ki, bu təqdimatlar Azərbaycan tarixinin beynəlxalq aləmdə daha geniş tanıdılmasına xidmət edəcək, son iki əsrdə xalqımızın üzləşdiyi çətinlikləri türkiyəli qardaşlarımız daha dərindən anlayacaq və hiss edəcək”, - deyə Səadət Yusifova bildirib.
Teqlər: Qərbi-Azərbaycan